вторник, 9 июня 2015 г.

5 nömrəli Bakı Peşə Liseyində otelçilik üzrə kurslarının müdavimlərnə sertifikatların verilməsi

Iyunun 9-da Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Abşeron Hotel Group” MMC-nin rəhbəri Mark Harald Ehler, həmçinin təhsil müəssisələrinin rəhbərləri və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov peşə təhsilinin inkişafının prioritet sahələrdən biri olduğunu bildirib. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında peşə təhsilinin yüksəlişi və bu sahəyə sahibkarların, işəgötürənlərin cəlb olunmasının nəzərdə tutulduğunu deyən Mikayıl Cabbarov bununla bağlı Təhsil Nazirliyi tərəfindən ardıcıl iş aparıldığını qeyd edib.
Nazir yaxın günlərdə ölkəmizdə “Bakı 2015” I Avropa Oyunlarının start götürəcəyini xatırladıb. Bu isə ölkəmizə idmançılarla yanaşı minlərlə qonağın gəlməsinə, eyni zamanda Azərbaycanın turizm zonası kimi nüfuzunun daha artmasına səbəb olacaq. Nəticədə xidmət sektorunda beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasına, mövcud heyətin peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac yaranıb.
“Abşeron Hotel Group” MMC-nin rəhbəri Mark Harald Ehler bildirib ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 nəfər şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçirilməsi nəzərdə tutulub. İlkin mərhələdə 220 nəfər təlimlərdə iştirak edib.
Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə keçirilən bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə verilmiş yeni beş ulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Təlim keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş mehmanxanalarda, həm də “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Çıxışlardan sonra kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Комментариев нет:

Отправить комментарий