Biz insanlar mükəmməl quruluşa, görünüşə malik
varlıqlarıq. Həyatda, ətrafımızda baş verənləri müşahidə edər, onlardan təsirlənər
və bu təsirlər nəticəsində müəyyən qənaətlərə gələr, qənaətlər vasitəsilə də müəyyən
addımlar atar və ya sükunətdə qalar, bununla da həyatımızı qurmağa çalışarıq.
Əgər həyatımıza qısa bir nəzər salsaq və bunun üzərində
bir qədər dərindən düşünsək, yaşadığımız həyatı hansı prinsiplər, hansı
ideallar, hansı qanun və qaydalar, hansı hisslər, hansı duyğular, hansı
sınaqlar və imtahanlar, hansı qələbələr və mükafatlar üzərində qurduğumuzu
anlaya bilərik. Hər birimizin həyatı müəyyən bir ssenari ilə başlayar və zamanı
gəldikdə ssenari bitdikdə həyatımız da başa çatar. Hər birimiz əvvəlcə körpəlik,
sonra uşaqlıq, daha sonra yeniyetməlik, daha sonra isə gənclik və nəhayət
yaşlanmağa doğru gedib günlərin bir günü bitəcək həyatı yaşayırıq.
Qəribəsi budur ki, hər birimiz sabah nə baş verəcəyini
gözləyərik. Biz insanlar uşaqlıqdan sıxılarıq, böyüməyə tələsərik, böyüdükdə isə
uşaqlığımızı gözləyərik. Həyatda əldə etmək istədiklərimiz bizləri hər gün daha
gözəl həyata aparacağına təşviq edər. Hər gün yeni nə isə istəyərik, hər gün
daha gözəl bir həyatın arxasınca qaçarıq. O qədər qaçarıq ki, nə zamansa ölümün
bizi bu həyatdan aparacağını unutmuş olarıq. Günlərin bir günü daha da gözəl həyat
tapmaq istədikdə ölüm gələr və istəklərimizi yarımçıq qoyar. Nəticədə heç ölməyəcəyik
kimi yaşayıb, heç yaşamamış kimi ölərik. Həyata hazırlaşmağa o qədər zaman sərf
edərik ki, sonda yaşamağa vaxt tapmarıq. Əvvəlcə pul qazanmaq üçün
sağlamlığımızı xərcləyərik, sonra da sağlamlığımızı qazanmaq üçün pulumuzu. Nəticədə
necə bir həyat yaşadığımızı yalnız gözlərimizi bu həyata əbədi yumduqdan sonra
anlaya bilərik.
İnsan övladı hər gün az və ya çox yeni səylər göstərər,
əziyyət çəkər, dünya nemətlərinə başını o qədər qatar ki, öz içində olan əsil
gücün nə üçün ona verildiyini, nə üçün lazım olduğunu unudar. Çəkdiyi zəhmətinin
qayəsi dəyişər, əsil hədəfin nə olduğunu unudar, sanki gözləri bağlı şəkildə
addımlayar. Hər bir addım öz ardınca yenisini gətirər. Gözləri bağlı olduğu
üçün qarşısındakı maneələri görməz, ayağı büdrəyər, çuxura düşər, yıxılar,
sürünər, son anda ya yıxıldığı yerdə qalıb sürünməsi ilə barışar, ya da yenidən
ayağa qalxıb yeni addımlar atar. Bu, biz insanların həyatıdır. Bunu etiraf etməsək
də, qəbul etməsək və ya qəbul etmək istəməsək də, bu və ya digər şəkildə hər
birimiz bu həyatı yaşayır; kimi yıxılar və sürünər, kimi isə yıxılar sonra
yenidən ayağa durar və hər yıxılıb ayağa qalxdığında yaşamaq üçün yeni imkanlar
tapar. Həyatın yıxılmaqla başa çatmadığını görüb, əksinə, ayağa qalxmaqla hər
gün yeni bir həyatın başladığını anlayar.
Yaradanımız olan Allah bizi müəyyən bir hədəf üçün
yaratmış və bizə müəyyən bir missiya vermişdir. O, elə bir hədəf qoymuşdur ki,
ona çatmaq üçün bu həyat ən gözəl bir fürsət, ən gözəl bir imkandır. Ölüm bizi
hədəfimizdən uzaqlaşdırmaz, sadəcə missiyamızı, hədəfə çatmaq üçün olan səylərimizi,
əziyyətlərimizi bitirər, eyni zamanda bizi hədəfimizə daha da yaxınlaşdırar.
Allah bizi hədəfimizə çatmaq üçün imkanlarımızı nəzərə almış, heç kəsi bacara
bilmədiyindən artıq yükləməmişdir. Hər şeyi qədərində yaratdığı kimi, insana da
qədərində güc vermişdir. Sadəcə biz insalar dünya ilə başımızı qatıb hədəfimizi
düzgün müəyyən edə bilmədiyimizdən, içimizdə olan gücümüzü də düzgün müəyyən edə
bilməyər və ya aşkara çıxara bildiyimiz gücümüzü başqa hədəflərə yönəldərik. Bu
gücdən, yuxarıda qeyd etdiyimiz kimi, daha çox yığmaq, daha çox əldə etmək,
dünyadan daha çox şey götürmək üçün istifadə edərik. Nəticədə ölüm gəldiyi anda
bütün səylərimizin boşa çıxdığının şahidi olarıq. Bir daha vurğulamaq istədiyimiz
bir fikir var: “Nəticədə heç ölməyəcəyik kimi yaşayıb heç yaşamamış kimi ölərik”.
Rəbbimiz bizlərə dünyanı axirəti qazanmağımız üçün
vermişdir. Bu baxımdan hər bir dünya neməti düzgün istifadə edildikdə axirəti
qazanmağımız üçün yeni bir səbəb ola bilər. Lakin dünya nemətləri də səy və zəhmət
nəticəsində qazanılır. Bu sadəcə istəklə bitmir, insan övladından böyük zəhmət
və güc tələb edir. Bu dünyada niyyətimizin düz olduğu təqdirdə qazandığımız
uğurlar, axirətdəki uğurumuza da vəsilədir. İnsan yalnız kəskin iman, inam, güvənmə,
bacarıq və hərəkət vasitəsilə hansı gücə malik olduğunu aşkara çıxarda bilər.
Bu güc onu çox-çox uzaqlara aparacaqdır. O, yeni xəyallar qurar və xəyallarının
arxasınca gedər. Hər gün yeni ümidlə yaşayar. Hər gün günəşin doğması üfüqdə
ümidə gedən yeni bir yol açar. İnsan övladı bu yolun dalınca getdikcə uğur da
onunla gedər.
Bir çox insanın qorxduğu şey günlərin bir günü üfüqün
sonunda yolun bitəcəyi ilə rastlaşmaq, ümidsizliyə düçar olmaq və ümidləri boşa
çıxmaq, bununla da çarəsizliyə qapılmaqdır. Məhz bu səbəbdən onlar hərəkət etməkdən,
gözlərini açmaqdan, uğuru itirməkdən və uğursuzluqla rastlaşmaqdan qorxarlar.
Bu qorxu o qədər böyüyər ki, insanı çarəsizlik vərdişinə alışdırar. Ona rəbbi tərəfindən
verilmiş güc unudular, hədəf unudular, məqsədlər daralar, həyat gecələrin
gündüzləri əvəz etməsindən başqa bir məna kəsb etməz. Əslində həyat uğurlar və
uğursuzluqlar üzərində qurulub. Hərəkət edib əziyyət çəkdiyimizdə həm qazanmaq,
həm də itirmək ehtimalımız var, amma hərəkət etmədikdə mütləq şəkildə
itirmişik. Bu, həyatın qanunudur. Heç kimə uğur verilmir, uğur əldə edilir.
Uğur hərəkəti sevir, zəhməti sevir. Uğur çəkdiyimiz zəhmətin müqabilində
aldığımız hədiyyədir. Uğura gedən yolda yıxılmaq mümkündür, amma yenidən qalxıb
bu uğurun dalınca getməzsək, uğur özü bizim yanımıza gəlməz. Çox sayda səy göstərdikdən
və sınaqlardan keçdikdən sonra qazana bilməyəcəyimiz çox az şey vardır. Keçmiş
uğursuzluqlarımızı növbəti uğursuzluqlara bəhanə etməkdənsə, onları yeni
uğurlara geden yolda ibrət dərsləri etmək lazımdır. Keçmiş uğursuzluqlarımızı nə
unutmalı, nə də böyütməliyik. Onlardan nəticə çıxarmalıyıq. İtirdiklərimizdən
öyrəndiklərimizlə qazanmağa çalışmalıyıq. Nəticə çıxarmazsaq, çarəsizliyə
qapılar, rəbbimizin bizə verdiyi gücü başqa səmtə yönəltməklə israf etmiş
olarıq. Sadəcə olaraq iki yolumuz var: ya çarəsiz olmağımızla barışmalı, ya da
çarəni özümüzdə axtarmalıyıq.
Hər gün özümüzü yenidən və dərindən kəşf edək,
gücümüzü bilək, nəyə qadir oldğumuzu anlayaq, əsil hədəflərimizi müəyyən edək və
Allahın bizə verdiyi gücdən düzgün istiqamətdə istifadə edək. Bunun üçün bizə
verilən ağıl və iman ən gözəl bələdçidir. Bu bələdçilərdən istifadə etdikdə
onlar bizə hər zaman düzgün yolu göstərəcəklər. Onlar bizi darda qoymazlar və
biz onları tərk etmədikcə onlar da bizi tərk etməzlər. Unutmayaq ki, həqiqi
xoşbəxt olmaq istəyiriksə, özümüzü dəyişməyi bacarmalıyıq. Xoşbəxtlik isə hər
zaman gözəl bir hədiyyədir!!!

Комментариев нет:
Отправить комментарий