Mən Reed Kollecində aldığım təhsili ilk 6 aydan sonra
buraxdım. Bəs səbəb nə idi?
Əslində hərşey mənim anadan olmağımdan çox əvvəl
başlamışdı. Bioloji anam kolleci yenicə bitirmiş, heç vaxt ailə həyatı qurmamış
gənc bir qadın idi və o düşündü ki, məni təhsilli bir ailə övladlığa götürsə, hər
şey əla olacaq. Belə də oldu. Məni övladlıq götürmək istəyən ilk ailə
hüquqşünas bir adam və onun yoldaşından ibarət idi. Lakin, onlar sonradan
düşündülər ki, əslində uşaqlarının qız olmasını istəyirlər.
Beləliklə, gözləmə siyahısında olan indiki ailəmə gecənin
bir vaxtında zəng gəlir və onlardan soruşulur: “Bizim bir oğlumuz olub, onun
valideyni olmaq istərdinizmi?” onların cavabı isə müsbət olub.
Lakin, bioloji anam öyrənəndə ki, əslində övladlıq götürmək
istəyən ailənin heçbir üzvü ali təhsil almayıb, o bu məsələyə çox soyuq yanaşıb
və müqaviləni imzalamağa etirazını bildirib. Bir neçə ay sonra, yumşalaraq razı
olduqda isə, ailəm mənə kollec təhsili verəcəkləri haqda söz verib.
17 il sonra mən həqiqətən də, kollecə daxil oldum.
Lakin seçdiyim kollecin təhsil haqqı Stanford kollecininkindən heç də fərqlənmirdi
və ailəm bunu qarşılamaq üçün bütün yığdıqları pulu xərcləyirdilər.
6 ay sonra mən düşündüm ki, əslində buna dəyməz və
kolleci tərk etsəm hər şey daha yaxşı olacaq. Əvvəl bu qorxulu səslənsə də,
sonradan gördüm ki, kollecdə mənə sıxıcı gələn fənlərdənsə diqqətimi çəkən fənlərlə
məşğul olmaq üçün indi daha çox vaxtım olur.
Kollecdə yataqxana otağım yox idi və adətən,
yoldaşlarımın otağında döşəmədə yatır, ərzaq ala bilmək üçün butulka
qapaqlarını yığır, həftədə bir dəfə Hare Krishnada normal yemək yeyə bilmək
üçün bazar günləri 7 mil yolu ayaqla gedirdim və bütün bunları sevirdim.
Sonradan mən daha yaxşı anladım ki, dalınca qaçdığıım şeylərin çoxu vaxt
keçdikcə dəyərsizləşirdi. Bir misal vermək istəyərdim.
O dövrlərdə Reed Kolleci ölkədə ən yaxşı xəttatlıq dərslərinin
keçilməsilə seçilirdi. Kampus boyu bütün posterlər çox gözəl əl işləri idi və
bütün bunlar mənə valehdici görünürdü. Kolleci tərk etdikdən sonra xəttatlıq dərslərinə
başlamağa qərar verdim. Müxtəlif hərf kombinasiyaları, yazı növləri elmin
yarada bilmədiyi gözəllikdə, tarixilikdə və zəriflikdə idi.
O zamanlar düşündükdə bütün bunların həyatımda tətbiqi
ehtimalı yox idi. Lakin, 10 il əvvəl ilk Macintosh kompyuterlərini dizayn edəndə
öyrəndiklərimin hamısı köməyimə çatdı.
Mac kompyuterləri gözəl yazı stillərinə sahib olan ilk
PC-lər idi. Mən kolleci tərk edib xəttatlıq dərslərinə getməsəydim və Windows
bizi təkrarlamasaydı bəlkə də indi heç bir kompyuterdə çoxnövlü yazı stilləri
yox idi.
Əlbəttə ki, kollecdə oxuduğum zamanlar bu nöqtələri
birləşdirmək mümkün deyildi. Ona görə də, həyatınızda nöqtələri birləşdirmək
üçün hər zaman geriyə baxın. O zaman nəyin niyə baş verdiyini daha aydın başa
düşəcəksiniz.
İkinci hekayə sevgi və itki haqqındadır.
Mən şanslıydım, erkən yaşlarda sevdiyim işin nə
olduğuna qərar vermişdim və o işlə məşğul idim. Woz və mənim ilk olaraq,
valideynlərimin qarajında başladığımız bu iş 10 il sonra 4 000 işçisi olan 2
milyard dollarlıq bir şirkətə çevrilmişdi. Bir il əvvəl ən uğurlu buraxılışımız
olan Macintosh-u ərsəyə gətirdikdə mənim hələ 30 yaşım var idi. Sonra isə işi tərk
etməli oldum. Bir insan qurduğu şirkətdəki işi necə tərk edə bilərdi ki, bu çox
çətin idi?
Apple şirkəti getdikcə daha da inkişaf etdiyi üçün mən
çox bacarıqlı olduğuna inandığım birini şirkəti mənimlə birlikdə idarə etməsi
üçün işə götürmüşdüm və əməkdaşlığımızın ilk ili çox uğurlu keçsə də, sonradan
müəyyən problemlərimiz yarandı. Gələcəklə bağlı fikirlərimiz kəskin fərqlənməyə
başladıqda, biz ayrılmaq qərarı verdik və şirkətin Direktorlar Şurası işə
onunla davam etmək qərarı aldı. Beləliklə, 30 yaşımda artıq işdən
çıxarılmışdım, hətta böyük səs çoxluğu ilə. Bu çox sarsıdıcı bir hal idi və
geri qalan həyatımda nəyə fokuslanacağımı bilmirdim.
Bu hal bir neçə ay davam etdi. David Pakard və Bob
Noysla görüşərək əvvəlcədən mənə yönəltdikləri təklifi rədd etdiyim üçün təəssüfləndiyimi
bildirdim. Hələ də gördüyüm işi sevirdim və rədd edilməyimə baxmayaraq, hərşeyə
yenidən başlamaq qərarına gəldim.
Əvvəllər fərqində olmasam da vaxt keçdikcə anladım ki,
Apple şirkətindən ayrılmağım bəlkə də başıma gələn ən yaxşı hadisə idi.
Bir işdə professional olmağın insana yüklədiyi ağırlıq
artıq yerini yenidən başlamağın gətirdiyi həyəcana vermişdi. Bu isə mənim həyatımın
ən kreativ dövrlərinin başlanğıcı oldu.
Növbəti 5 ildə “NeXT” və “Pixar” adlı şirkətdə işləməyə
başladım və həyat yoldaşım olacaq heyranedici bir xanımla tanış oldum. “Pixar”
dünyanın ilk animasiya filmi olan “Toy Story”ni yaratmağa başladı və ən yaxşı
animasiya studiyalarından birinə çevrildi. Hadisələrin ardıcıllığı çox fövqəladi
bir şəkildə davam edirdi. Bir müddət sonra “Apple” “NeXT”i aldı və mən yenidən
Apple-a qayıtdım və NeXT-də inkişaf etdirdiyimiz texnologiya “Apple”ın indiki
yüksəlişinin əsas təkanverici qüvvəsi oldu. Bütün bunlarla bərabər, Lauren və mənim
möhtəşəm ailə həyatımız var idi.
Mən dəqiqliklə əminəm ki, əgər Apple şirkətindən
çıxmasaydım bütün bunların heç biri baş verməyəcəkdi. Bu çox acı olmasına
baxmayaraq xəstəyə kömək edən dərmanların effektinə bənzəyir. Bəzən həyat sanki
insanın başından kərpiclə vurur, belə olduqda əsla ümidinizi itirməyin.
Mən bu fikri qəbul etmişəm ki, məni yolumda inamla
addımlamağa məcbur edən səbəb işimi çox sevməyim və bu işi məni sevən
insanlar üçün etməyim idi. İşiniz sizin həyatınızın çox böyük bir hissəsini
tutur və bunu yorulmadan, həvəslə etmək üçün sadəcə onu sevməliyik. Əgər hələ də
hansı işi sevdiyinizi müəyyənləşdirməmisinizsə, ilk öncə bunu edin və hər bir çətinliyə
baxmayaraq inamlı olun. İllər keçdikcə bütün əhəmiyyətli əlaqələrinizdə olduğu
kimi burda da sizdə nəyinsə alındığının şahidi olacaqsınız.
Üçüncü hekayəm isə ölümlə bağlıdır.
17 yaşım olanda belə bir aforizm oxumuşdum: “Hər günü
son gününüz kimi yaşasanız bir gün mütləq haqlı çıxacaqsınız”. Bu cümlə mənə
çox təsir etmişdi və 17 yaşımdan bu yana keçən 33 ildə hər gün aynanın qarşısında
özümə bu sualı verirəm: “Əgər bugün son günümdürsə, bugün etdiyim işlərdən nə qədər
razıyam?”. Bir müddət cavabım “yox” idi. O zaman mən artıq nələrisə dəyişməli
olduğuma qərar verdim.
Bir gün öləcəyim düşüncəsi böyük seçimlər etməyimdə hər
zaman mənə yardım etmişdir. Bütün xarici təsirlər, qürur, məğlubiyyət qorxusu və
sıxıntılar ölümün yanında heçnədir. Öləcəyini xatırlamaq nəyisə itirmək düşüncəsindən
və qorxusundan azad olmağın yeganə yoludur. Bu azadlıq ürəyinin səsini
dinləməyinə mane olan səbəbləri yox edir.
1 il əvvəl mədəaltı vəzimdə xərçəng xəstəliyi olduğunu
öyrəndim. Belə bir orqanın mövcudluğundan hətta xəbərim belə yox idi. Həkimlər
bunun sağalmayan bir xəstləlik olduğunu, 3 və ya ən çox 6 aylıq ömrümün
qaldığını bildirdilər.
Həkimlər bütün işlərimi bir kənara atmağımı məsləhət
gördülər bu onların xəstələri ölümə hazırlamaq metodudur. Ən əsası isə, ailəmi
bu duruma hazırlamalı və uşaqlarıma illər ərzində öyrədəcəklərimi bu bir neçə
aya sığdırmalı idim. Bu “xudahafiz”lərini demək mənasına gəlir.
Mən bütün günümü bu diaqnozla yaşadım. Növbəti gün
biopsi analizləri verdim və yoxlama prosesində iştirak edən yoldaşımın sözlərinə
görə, həkimlər analizimin nəticələrinə baxdıqda öz hislərini gizlədə bilməyib
qışqırıblar. Məlum olub ki, xəstəliyim əməliyyatla sağalan növ imiş və
indi özümü çox yaxşı hiss edirəm.
Heç kim ölmək istəmir. Hətta cənnətə gedəcəyini düşünən
insanlar belə. Buna baxmayaraq, ölüm bütün insanların son mənzilidir. Ölüm həyatın
ən önəmli ixtirasıdır, o köhnə olanları aparıb yerinə yeniləri gətirir. Bu gün
nə olduğumuzdan asılı olmayaraq, nə vaxtsa köhnəlib yenilərlə əvəz olunacağıq.
Bu çox dramatik səslənə bilər, amma reallıqdır.
Vaxtımız məhduddur, buna görən də maksimum istifadə
etməliyik. Bizə verilən həyatı başqalarının düşüncələri və istiqaməti ilə
yaşamamalıyıq. Başqalarının səsinin sizin öz ürəyinizin səsini batırmasına
imkan verməyin. Hislərinizə və ürəyinizin dediklərinə inanın, onlar necəsə
sizin haqqınızda hərşeyin ən yaxşısını bilirlər. Qalan hər şey ikinci planda olmalıdır.
1970-cı illərdə mən sizin yaşlarınızda olanda “Bütün
dünyanın kataloqu” adlanan bir dərgi var idi və bizim dövrün ən maraqlı dərgilərindən
idi. Onu dövrümüzün “Google”-u da adlandıra bilərik. Sonuncu nəşrlərinin ən son
səhifəsində səhər çağlarının əks olunduğu yol şəkli yer alırdı və son söz
olaraq bu ifadə yazılmışdı: “Ac qalın. Axmaq qalın”. Mən hərzaman özümə bunu
arzulamışam bu gün yeni həyata atılan sizə də bunu arzu edirəm.
Ac qalın. Axmaq qalın.
Hərkəsə təşəkkürlər.
Qeyd: Steve Cobs “Ac qalın. Axmaq qalın” ifadəsini heç
bir zaman əlinizdə olanlarla kifayətlənməyin və digərlərinin
“reallaşdırmaq mümkün deyil” dediklərini həyata keçirməyə çalışın
(axmaqcasına görünsə belə) mənasında işlədib.

Комментариев нет:
Отправить комментарий