вторник, 7 марта 2017 г.

Həyatı dəyişdirən 13 xeyirxahlıq qaydası...

Həyatı dəyişdirən 13 xeyirxahlıq qaydası...
B.Franklin gənc nəsillərə öyüd verərək və şəxsi həyatından nümunə gətirərək deyir ki, bu prinsiplər uğur qazanmaq istəyən istənilən gənc üçün örnəkdir. Bəs bunlar hansı prinsiplərdir? Görkəmli şəxsiyyət “Avtobioqrafiya”sında qarşısına qoyduğu həyat qaydaları barədə yazır: “Xeyirxahlıq siyahısı və ona uyğun təlimatlar bunlardır:
1.Nəfsi cilovlamaq – doymamış süfrədən qalxmaq, içki içərkən sərxoş olmamaq;
2.Susmaq – yalnız özünə və başqasına fayda gətirəcək mövzular barədə danışmaq, boş söhbətlərdən qaçmaq;
3.İntizam – şəxsi əşyaları onlar üçün ayrılan xüsusi yerlərdə saxlamaq, hər məşğuliyyət üçün xüsusi vaxt müəyyənləşdirmək;
4.Qətiyyətlilik – zəruri işlərin həyata keçirilməsində cəsarət göstərmək, alınan qərarı hökmən yerinə yetirmək;
5. Qənaətcillik – pulu yalnız mənə və başqalarına xeyir gətirən şeylərə xərcləmək, yəni israf etməmək;
6. Çalışqanlıq – vaxtı boş yerə xərcləməmək, daim faydalı işlə məşğul olmaq, lazımsız işlərdən qaçınmaq;
7. Səmimiyyət – zərərli yalana yol verməmək, təmiz və ədalətli düşüncələrə sahib olmaq, ünsiyyətdə bu qaydaya riayət etmək;
8.Ədalət – heç kəsə zərər verməmək; ədalətsizliyə yol verməmək və xeyirxah iş görmək fürsətini qaçırmamaq, bunlar sənin vəzifə öhdəliklərinə aiddir;
9.Mötədillik – ifratdan qaçmaq, haqsızlıqla üzləşdikdə qəlbdə yaranan inciklik hissini bacardıqca cilovla;
10.Təmizlik – cismani natəmizliyə yol verməmək, həm geyimdə, həm də evdə səliqə-səhmana riayət etmək;
11.Təmkinlik – boş şeylərdən, adi və qaçınılmaz hadisələrdən ötrü həyəcanlanmamaq;
12.İsmət – Nadir hallarda cinsi əlaqəyə girmək; bu işlə yalnız övlad sahibi olmaq və ya sağlamlığı qorumaq məqsədilə məşğul olmaq; ağlı itirəcək və zəif düşəcək səviyyədə ehtirasa qapılmamaq; cinsi arzunun şəxsi və ya özgə nüfuza xələl yetirməsinə imkan verməmək;
13.Təvazökarlıq –Sokratı örnək götürmək.
Xeyirxahlıq prinsiplərin reallaşdırılması uğrunda...
Gənc B.Franklin tərtib etdiyi bu 13 prinsipə alışmaq üçün gündəliyində xüsusi cədvəl tərtib etdi. Həmçinin o, hər həftə bir prinsipin əməl edilməsinə üstünlük verir, qaydanı pozduqda cədvəldə bir, daha kobud şəkildə pozduqda isə iki “X” işarəsi qoyurdu. Nəticədə, Franklin tədricən, addım-addım özündə əsl xarakter formalaşdırdı və bu prinsiplər onun mənəvi dünyasına hopdu.
B.Franklinin prinsipləri həyat mübarizəsinə atılan, qəlbi uğur qazanmaq arzusu ilə alışıb-yanan, lakin bəzən tərəddüdə düşən hər gənc üçün sanki  işıq saçan məşəldir...
uğur psixologiyası, müvəffəqiyyət, uğur qazanmaq, uğur, motivasiya
uğur psixologiyası → Simurq elə özünüzsünüz
Simurq qədim İran əfsanələrində baş və bədəni qartala, quyruğu- tovuzquşuya, caynaqları isə şir pəncələrinə bənzər quş kimi təsvir olunur.
Sasanilərin hakimiyyəti dövründə simurq bir çox binalar, qab və paltarların üzərində təsvir olunardı. Deyilənlərə görə, simurq o dövrlərdə Sasani şahlığının rəsmiemblemi olub.
Əttar özünün «Məntiquttəyr» («Quşların dili») kitabında simurq quşu barədə maraqlı hekayə nəql edir:«Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyi ilə Qaf dağına səfərə çıxırlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə quşdan cəmi otuzunun qaldığını görür və onları ruhlandırmaq üçün Simurqun onları həsrətlə gözlədiyini bildirir. Beləcə, dağın başına otuz quş çıxa bilir. Lakin orada Simurqu görə bilməyib Təəccüblə şanapipikdən onun harada olduğunu soruşurlar. Şanapipik onlara deyir:»Bir, sayınıza nəzər salın, simurq elə özünüzsünüz."
Quşlar saylarının  doğrudan da otuz olduğunu görürlər." (si-fars dilində otuz, murq-quş mənasını verir)
Şanapipik quşların əhvalını qaldırmaq məqsədilə onların təsəvvüründə simurq adlı varlıq yaradır. Quşlar ona çatmaq üçün xüsusi əzmkarlıq göstərirlər.
Əttar bu hekayəni yazmaqla əslində, iradəli insanların qarşısına çıxan çətinliklərə sinə gərib hədəfə çatmalarından söz açmaq istəyir.


Комментариев нет:

Отправить комментарий