четверг, 3 ноября 2022 г.

Olimpiada hərəkatına doğru bir addım


Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş daha bir uğurlu layihənin qalibi Füzuli rayon 50 nömrəli tam orta məktəbin direktoru Günel Kazımovadır. 

Günel xanım bu mövzuya müraciət etməkdə məqsədiniz hardan yarandı? 

Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var. Məlum olduğu kimi, ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sistemi qarşısında qoyulan ən mühüm vəzifələrdən biri də istedadlı şagirdlərin aşkara çıxarılması, onların elmi potensialının, tədqiqatçılıq qabiliyyətlərinin stimullaşdırılmasıdır. Dövlət strategiyasına müvafiq olaraq son illər Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikamızda bilik yarışlarına maraq günü-gündən artıb, Olimpiada hərəkatı genişlənib. Son illərin təcrübəsi göstərib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bu müsabiqələr şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasında mühüm rola malik olub. Diqqətçəkən məqam odur ki, 4 il əvvəl əvvəl 35 məktəbdən 300 şagird ilə başlanan fənn müsabiqələri artıq ölkəmizin bütün coğrafiyasını əhatə edib. 2018-2019-cu tədris ilində olimpiadaya 30 mindən çox şagird qatılıb.

 


Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Son 5 ildə istedadlı uşaqların istər respublika fənn, istərsə beynəlxalq olimpiadalarda qazandıqları uğurların məntiqi nəticəsi kimi “Təhsil haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Dəyişikliklərə əsasən Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. 2018-2019-cu tədris ilindən başlayaraq respublika fənn olimpiadaları qaliblərinin ölkə ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə, beynəlxalq olimpiada qaliblərinin isə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbulu mümküm olub. Bu qərarlar şagirdlərimizin olimpiadalara daha yüksək səviyyədə hazırlığını stimullaşdıracaq, yüzlərlə şagirdin gələcəkdə beynəlxalq olimpiada hərəkatına qatılmasına səbəb olacaq. Bu isə olimpiadalar sahəsində islahatların əsas göstəricisi hesab oluna bilər.


İrəli sürdüyümüz bu layihə şagirdlərmizin məntiq və riyaziyyat olimpiadalarına hazırlaşması və qalib olmaları üçün nəzərdə tutulmuşdur. Layihəmizin peşəkar təlimçisi Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzinin Təlim və Monitorinq Departamentinin baş məsləhətçisi Tural Quluzadədir. Dərslərimiz olduqca maraqlı gedir və şagirdlər tərəfindən böyük rəğbətlə qarşılanır. 

Комментариев нет:

Отправить комментарий