воскресенье, 26 ноября 2023 г.

Sehirli ilmələrin işığında




Oxu hanam, oxu hanam,
Qonca güllər, xonca güllər, toxu hanam,toxu hanam...
kimi coxlu xalca mahnıları,nağılları, hekayələri də var idi o vaxtlar...
Allah sinədən saatlarla söz deyə bilən o müdrik analara, ağbircəklərə rəhmət eləsin!
Son 30 ilə yaxın bir dövrdə bu qədim, qiymətli sənət unudulmağ üzrədi

Rənglərin harmoniyasını naxışlarında ehtiva edən xalçaları həmişə xoşlamışam. Rənglərin ahəngdarlığı, bir-biri ilə səsləşməsi, bir-birinə yaraşması seyrçi kimi qəlbimi ovsunlayıb. Xalçanı muzeydə, məişətdə, sərgidə görmək adamda başqa bir hiss yaradır, ancaq onun xanada toxunuşunu müşahidə etmək bir ayrı aləmdir.
Gözümü açandan nənə-baba evində xana görmüşəm və o xanada nənəm xalça, kilim, xurcun toxuyardı.
Nənəmin xanasında bibilərimə və qonşu qızlara cehiz xalça, kilim toxunardı. Bu cümlələri yazarkən xəyalımda kəndimiz, qarlı qış günləri canlanır. Nənəmin və qonşu arvadların surəti gəlir gözlərim önünə. Həvə, kirkid, ərşin, əriş-arğac, iplik - bu sözləri tez-tez eşidərdim. Yunu yuyub qurudardılar, sonra onu didib-darayar və cəhrədə əyirərdilər, alınan ipi müxtəlif rənglərlə boyayar, kəndir çəkib boyanmış xammalı qurudardılar. Bunu əsasən el yaylaqdan arana dönəndən sonra edərdilər. Qışda isə bu iplərdən xalça toxuyardılar. Zamanla uzaq, könüllə yaxın olan o çağlarda xalçaya özgə cür sevgi var idi. Onları ilmə-ilmə toxuyan nənələrimiz bu xalçalara canlı insan kimi baxırdı. Hər naxışında, hər ilməsində bir ürəyin hekayəti dillənərdi o xalçalarda. Tariximiz, folklorumuz, mifologiyamız, poeziyamız, nağıllarımız, boynubükük bayatılarımız xalçalarda obrazlara çevirilərdi. Bilirik ki, xalçaçılıq əcdadlarımızın, ulularımızın əmanətidir. Qədim xalçalarda ulularımızın bizə yazdığı könül məktublarının kodlaşmış izləri yaşayır. Bu məktubları oxumağa çalışırıq, ancaq çox vaxt bizə ünvanlanan mesajın fərqinə vara bilmirik. Xalçalara baxanda gah kövrəlir, gah düşünür, gah da gülümsəyirik. Çünki onun zahiri aləmi bizi cəlb edir, daxilində, ruhunda gizlətdiklərinə məftun oluruq. Nənəm, a dəli qoyun, Dolanıb? gəlir qoyun. Gəlinlər güzəmindən Toxuyar xəli, qoyun.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi. VII qrant müsabiqəsində qalib olmuş "Unudulmuş İlmələrin sirri-Pirəbədil xalçalarının şagirdlərə öyrədilməsi"layihəsinin əsas hədəfi şagirdlərə xalçaçılıq sənətinə maraq yaratmaqdır.
Bəşəriyyət yarandığı dövrdən insan cəmiyyəti müxtəlif formasiyalar yaradaraq, ictimai-siyasi, mədəni inkişafa doğru irəliləmişdir. Bu inkişaf yolunda əcdadlarımız həm də zəngin mədəni miras yaratmışdır.
Xalça sənəti də bu qədim mədəni zənginlik arasında özünəməxsus yerə malikdir. Müasir insanların incəsənətin “dekorativ-tətbiqi sənət” adlandırdığı növünə aid ilk xalça nümunələrinə, əsasən ilk vaxtlarda köçəri həyat tərzi keçirən xalqların mədəniyyətində rast gəlinir. Xalqımız da xalça sənətinin ən qədim nümunələrini toxumuş dünya xalqları sırasındadır. Qədim genezisə sahib olan Azərbaycan xalça sənəti geniş mövzunu əhatə edir. Əsrlər boyu xalça və xalça məmulatları xalqımızın həyatında, məişətində mühüm yer tutmuşdur. Təbii boyaq maddələri əldə etmək üçün ana təbiət yurdumuzdan heç nəyi əsirgəməmişdir. Məhz buna görə də xalça məmulatları zəngin koloriti ilə göz oxşayır.

Layihənin rəhbəri: Quba rayon Dağlı kənd orta məktəbinin müəllimi, əməkdar müəllim Ülkər Şıxməmmədova

Комментариев нет:

Отправить комментарий